Yazar: Elçin Nəsirov
Cazibə
qüvvəsinin (Gravity) az olması: Bitkilər kök və gövdələrinin
yönəliminə əsasən böyümələri haqqında bilgini cazibə qüvvəsi sayəsində əldə
edirlər. Bu səbəbdən dolayı Mars və Ay
kimi cazibə qüvvəsinin az olduğu yerlərdə bitkilərin yetişdirilməsi çox çətindir.
Bunun üçün də ilk araşdırmalar, bitkilərin daha az cazibə mühitində yetişdirilə
bilməsi üzərinə olmuşdur. 1980 və 1990-cı illərdə kosmosa göndərilən kosmik gəmilərin
demək olar ki, hər birində təcrübə üçün göndərilən bitkilər var idi. İnsan bədəninin
düzgün şəkildə fəaliyyətinə davam etməsi üçün cazibə qüvvəsinə ehtiyacı olduğu
kimi, bitkilərin də böyüməsi üçün cazibə qüvvəsinə ehtiyacı olduğu düşünülür.
Kosmosda yetişdirilməyə çalışılan bitkilərin
çoxu qəribə genetik mutasiyalar keçirmiş, bir çoxu gözlənilməz və arzuolunmaz şəkildə
böyümüş və bəziləri isə heç böyüməmişdir.
Fərqli
torpaq quruluşu: Cazibə qüvvəsinin az olması “bitki-torpaq”
münasibətlərinə də təsir edir. Torpaq quruluşunun dünyadakından fərqli olması bu təsiri
daha da gücləndirir. Yer kürəsindəki torpaqdan daha sərt torpaq quruluşu daha
az cazibə qüvvəsi altında torpaqdakı hava axınına mane olur. Bunun üçün, kosmik
gəmilərdə bitkilərlə bərabər onların yetişdirilməsi üçün torpaq da götürülür. Əsasən
bazalt və digər vulkanik materiallardan ibarət olan Ay regolitində bir neçə təcrübə
aparılsa da, bu torpağın bitki yetişdirmək üçün yararlı olub olmadığını söyləməyə
yetəcək qədər təcrübə aparılmamışdır.
Süni
işıqlandırma: Dünyadakı bitkilər günəş işığı qəbul
etmədə heç bir problem yaşamırlar. Kosmosda isə bu mühiti yaratmaq
üçün alimlər bitkiləri aldatmaq məcburiyyətində qalırlar. Bundan dolayı, böyümə
kapsullarında istifadə ediləcək işığın növü və digər xüsusiyyətləri çox əhəmiyyətlidir.
Süni işıqlandırmada LED adı verilən kiçik ve davamlı işıq mənbələrindən istifadə
olunur. Yaponiyada köhnə bir fabrikada qurulmuş tarlada, LED işıqları ilə süni
gecə-gündüz yaradılaraq, normal bir tarladan iki qat daha artıq, gün ərzində
10.000 kahı yetişdirilmişdir. Fotosintez prosesinin də diqqətlə idarə olunduğu bu
16 mərtəbəli tarlada 17.500 LED işıq mənbəyi istifadə olunmuşdur. Bu və buna bənzər
süni işıqların istifadə olunduğu qapalı tarlalar, kosmik əkinçilikdə də uğurlu
nəticələr əldə ediləcəyinə işarədir.
Məhdud
ərazi: Araştırmacılar daha irəli gedərək, kosmosda nə qədər
insan nüfusunun dünyadakı resurslara ehtiyac olmadan yaşaya biləcəyini
hesablamışlar. Bunun üçün asteroidlər, xüsusilə tərkibində üzvi birləşmələrin
çox olduğu bilinən karbon tipli C-asteroidlər üzərində araştırmalar
aparılmışdır. Yeni Zelandiyadakı Linkoln Universitetindən Michael Mautner, bu asteroidlərin bitkilər üçün yüksək qida mənbəyi
olduğunu söyləyir. Michael Mautner, C tipli asteroidlərdən yerə düşən meteoroidlər
üzərində bəzi bitkilər yetişdirmişdir. Bu meteoroidlərin tərkibini təhlil edən
Mautner, 200 km enində bir asteroiddə 10,000 nəfər əhalinin milyard il ərzində yaşamasına
yetəcək qədər gübrə və üzvi birləşmələrin olduğunu hesablamışdır.
“Günəş sistemindəki bütün karbon tərkibli asteroidlər toplanarsa, bir milyard insan üçün bir milyard il kifayətdir." deyə bir təxmin irəli sürmüşdür. Ardından “hələ yetişməmiş kosmik kahılarımıza güvənərək də yola çıxa bilmərik” deyə xəbərdarlıq etmişdir. İlk öncə insan nəslinin Yer üzündə yaşamasını təmin etməliyik ki, növbəti addım kosmosa açılmaq olsun (Mautner 2014)
Hal hazırda araştırmacılar Beynəlxalq
Kosmik Stansiyada (ISS) yeni bir kapsul hazırlamışlar. Bu kapsul torpağın nəmini,
işığı, havanın temperaturunu, rütubəti, karbon dioksidi və bitkilərin böyüdükcə
havaya buraxdığı bir hormon olan etileni nəzarət altında tutur. Sistem kosmonavtlar
tərəfindən bir dəfə qurulduqdan sonra, qalan hissəsi Wisconsin Universitetindən uzaqdan idarəetmə ilə nizamlanır və müntəzəm olaraq yoxlanılır. Araştırmacılar
ilk təcrübələrini Arabidopsis thaliana adlı bitki üzərində aparmışlar. Təcrübənin sonunda bitkidən
toxum alınmış və eyni zamanda bu toxumların 92%-i cücərmişdir. ISS-də
yetişdirilən bitkilərlə dünyada yetişən eyni bitki arasında cüzi fərqlər
olmuşdur. Kosmosdakı bitkilərin toxumlarının zülal tərkibi dünyadakılardan
biraz fərqli olmuş. Eyni zamanda bitkilərin budaqları da bir az fərqli istiqamətlərdə
böyümüşdür. Araştırmacılar bunların kiçik detallar olduğunu söyləyirlər.
NASA və kimya şirkəti BASF kosmik əkinçilik ilə əlaqədar araşdırmalarına davam etməkdədirlər. Aparılan
araştırma və təcrübələrin sonucu hər kəs tərəfindən maraqla gözlənilməktədir.
Ədəbiyyat
Marin F, Beluffi C, Taylor R, Grau L. (2018) Numerical
constraints on the size of generation ships from total energy expenditure on
board, annual food production and space farming techniques. JBIS - Journal
of the British Interplanetary Society, 71(10), 382–393.
Wheeler RM (2017) Agriculture for space: People and places
paving the way. Open Agriculture 2(1):14–32. https://doi.org/10.1515/opag-2017-0002
Wamelink, GWW, Frissel JY, Krijnen WHJ, Verwoert MR, Goedhart PW (2014) Can plants grow on mars
and the moon: A growth experiment on mars and moon soil simulants. PLoS ONE,
9(8). https://doi.org/10.1371/journal.pone.0103138