Turizm hər bir ölkənin iqtisadiyyatı üçün çox önəmli bir yerə sahibdir. Turizm sektorundakı nailiyyətlər ölkə iqtisadiyyatının inkişafına təkan verir və ölkədə işsizliyin və yoxsulluğun azaldılmasında mühüm rol oynayır. Bildiyimiz kimi, turizmin bir çox növləri var. Bu yazımda yalnız kənd turizmi (Rural tourism) haqqında məlumat vermək istəyirəm. Kənd turizmi digər turizm növlərinə nibətən az bilinən bir turizm növüdür.
Kənd turizmi Avropa Birliği tərəfindən aparılan çalışmalarda “məqsədi kənd ərazilərində və o ərazilərin yerli dəyərləri, adət-ənənələri ilə iç-içə xoş vaxt keçirmək olan turistlərə, onların gözləntilərinə uyğun olaraq xidmət göstərən kiçik müəssisələrin (ailə təsərrüfatlarının) həyata keçirdiyi fəaliyyətlərin bütünü olaraq müəyyən edilmişdir (Ahipaşaoğlu və Çeltek, 2006).
Kənd turizmində turist, bir müddət təbiətlə təmasda olan, yerli əhalinin həyat tərzini müşahidə edən, o ərazinin folklorunu, adət-ənənələrini və kənd festivallarını müşahidə etmə imkanı əldə edən şəxsdir.
Dünya turizm ədəbiyyatında kənd turizmi, yayla turizmi (higland tourism), yaşıl turizm (green tourism), ekoturizm (eco-tourism), agroturizm (agro-turism) kimi fərqli terminlərlə ifadə edilir (Esengün 2001). Kənd turizmi anlayışına hər bir ölkənin fərqli, özünəməxsus yanaşması var. Məsələn: Finlandiyada kənd turizmi, əsasən kottecləri (kənd ərazilərindəki kiçik evlər) icarəyə vermək və ya gələn turistlərə yemək xidməti göstərmək deməktir. Bəzi ölkələrdə kənd turizmi sadəcə turistlərə qalmaq üçün evlər icarəyə verməkdən ibarətdir. Hollandiyada kənd turizmi isə kənd ərazilərində düşərgə qurmaq, velosiped sürmək, gəzinti, at minmə kimi fəaliyyətləri də özündə birləşdirir. Yunanıstanda kənd turizmi, xüsusilə turistlər üçün hazırlanmış evlərdə qalmaq və o ərazinin mətbəxinə uyğun evdə hazırlanmış yeməklər ilə qidalanmaqdır.
Kənd turizmini iqtisadi təsiri. Kənd təsərrüfatının inkişafı ilə kənd turizmi arasında birbaşa əlaqə mövcuddur. Son illərdə sənayenin davamlı inkişafı nəticəsində şəhər və kəndlər arasında hər anlamda fərqlilik artmağa başlamışdır. Kəndlər şəhərlərin böyümə sürəti ilə ayaqlaşa bilməyib təbii olaraq geri qalmağa başladı. Bu fərqi azaltmağın ən yaxşı yollarından biri də kənd turizminin ölkə səviyyəsində inkişafına nail olmaqdır. Azərbaycanın coğrafi yeri, iqlimi, təbii gözəllikləri kənd turizminin inkişafı üçün çox uyğundur.
Kənd
yerlərində yaşayan insanların gəlirlərinin az və işsizlik səviyyəsinin yüksək
olması, işlərin isə daha çox mövsümi olması, onların kənd turizmi kimi əlavə gəlir mənbəyinə olan ehtiyaclarını artırır. Digər tərəfdən, kənd turizmi yerli əhalinin kəndlərdən
şəhərə köçməsinin qarşısını alan ən vacib vasitələrdən biridir. Bu səbəblərdən
dolayı, kənd turizminin inkişafı ölkə iqtisadiyyatı üçün çox önəmlidir.
Kənd turizminin sosial-mədəni təsiri. Soykana görə (2003) fərdi davranışlarda, ailə dəyər sistemlərində, ortaq həyat tərzində, əxlaqi qaydalarda yaratdığı dəyişikliklər turizmin sosial-mədəni təsirləridir. Kənd turizmi ayrı-ayrı şəxslər və cəmiyyət üzərində müxtəlif sosial-mədəni təsirlər göstərməktədir. Tədqiqatlar göstərir ki, yerli ailələrin 70%-i övladları ilə turistlərin övladları arasındakı dostluq münasibətlərinin çox faydalı olduğunu, turistlərlə birliktə yaşamalarının onlara yeni insanlar tanımaq, dostluqlar qurmaq, fərqli adət-ənənələr haqqında məlumat toplamaq baxımından çox faydalıdır (Özgen ve Gönen, 1992).
Kənd turizmin ölkənin tanınmasında rolu. Turizmin inkişafı və şaxələndirilməsində dövlətin əsas məqsədi ölkənin tanıdılması və gəlir əldə etməkdir. Bu səbəbdən hər il turist sayını artırmaq, turist profilini şaxələndirmək və turizmin davamlılığını təmin etmək dövlət üçün çox önəmlidir. Yerli adət-ənənələr də ölkənin tanınmasında mühüm rol oynayır. Çünki buraya turizm məqsədi ilə gələn insanlar, bu bölgədə keçirdikləri vaxt ərzində yerli insanların sosial və iqtisadi həyatları ilə tanış olurlar. Ölkənin bu şəkildə tanıdılmasını başqa bir reklam və təbliğat yolu ilə etmək çox zəhmətli və baha başa gəlir. Kənd turizmində isə bu çox asanlıqla həyata keçirilə bilər. Əlavə olaraq, turist kimi gələn xarici vətəndaşların ölkə haqqında öncədən bildikləri yanlış məlumatlar silinəcək və doğru bildikləri isə daha da dəqiqləşəcəkdir. Əlbəttə ki, ölkənin tanınmasında turizmin bütün növlərinin böyük rolu var.
Ətraf mühitin və mədəni irsin qorunmasında kənd turizminin rolu. Turizm, təbiətin bizə bəxş etdiyi dəyərlərə əsaslanan bir iqtisadi fəaliyyətdir. Bu baxımdan ətraf mühit və turizm bir-biri ilə əlaqəlidir. Günümüzdə, təbiətə və ətraf mühitə dəyən ziyanın hər keçən gün artması ilə bərabər, təbiətin qorunması ilə bağlı həssaslığın da artması görülməktədir. Turizmin təbiət və sosial-mədəni mühit üzərində müsbət və mənfi təsirlənin olduğu doğrudur. Turizm növləri arasında təbiətin və ətraf mühitin qorunmasına ən çox dəstək verən kənd turizmi, təbiəti və ətraf mühiti orijinal formada istifadə etmək məcburiyyətindədir. Bir sözlə, kənd turizminin davam etməsi üçün təbiətin, adət-ənənələrin və mədəni irsin qorunması vacibdir. Avropada mövcud təbii mühitin qorunması üçün kəndlərə qəbul edilən turistlərin sayı müəyyənləşdirilir və bu yolla mövsümi turist sıxlığının qarşısı alınmağa çalışılır. Kənd turizmi turistlərə və yerli insanlara təbiəti və ətraf mühiti qorumaq şüurunu aşılayan bir turizm növüdür.
Azərbaycan və kənd turizmi. Azərbaycanda kənd turizminin inkişafı üçün çox əlverişli şərait var. Zəngin təbii sərvətlər, göz oxşayan təbiət, tarixi və memarlıq əsərləri, mədəni irs, folklor, nadir flora və fauna xarici turistlərin diqqətini cəlb edə bilər. Əsrarəngiz təbiəti ilə yanaşı Azərbaycanın zəngin mətbəxi də turistlər üçün çox cəlbedici bir amildir. Kənd turizminin inkişafı ölkədə işsizliyin səviyyəsini azalmasına kömək etməklə bərabər eyni zamanda, gənclərin yeni iş imkanları əldə etmək üçün kənd yerlərini tərk etmələrinin qarşısını önəmli dərəcədə ala bilər. Kənd turizminin inkişafı ilə kənd yerlərində yaşayan qadınlar iş həyatında daha aktiv rol oynaya bilərlər.
Azərbaycanda kənd turizminin inkişafını sürətləndirmək üçün aşağıdaki tədbirlərin görülməsi çox önəmlidir.
- Turizm sahəsində əmək bazarının tələblərinə cavab verən yüksək keyfiyyətli kadrlar hazırlamaq.
- Ölkənin kənd turizminin inkişafı üçün önəmli olan bölgələrində məlumat mərkəzlərinin yaradılması.
- Ölkəyə gələn xarici turistlərin məmnuniyyət səviyyəsini ölçmək üçün mütəmadi olaraq monitorların təşkil olunması.
- Azərbaycan üçün hədəf bazar sayılan ölkələrdə turizm nümayəndəlikləri yaratmaq.
- Turistlərin vizə üçün müraciət qaydalarını və vizə almalarını sadələşdirmək.
Ədəbiyyat
Ahipaşaoğlu S, Çeltek E, (2006) “Sürdürülebilir Kırsal
Turizm”, Ankara, Gazi Kitabevi.
Esengun K, Akca H, Sayılı M (2001) The Role of Rural Tourism in
Rural Development. Standard Economic
and Technical Journal, 29-35.
Soykan F, (2003)
Rural Tourism and its Importance for Turkish Tourism. Aegean Geographical
Journal, 12, 1-11
Gönen E, Özgen Ö (1992) İlkokul
Çocuklarının Tüketim Davranışları Üzerinde Bir Araştırma. Ankara: Ankara
Üniversitesi Ziraat Fakültesi Yayınları (Yayın No:1270/703).